Avtomatik İdarəetmə Elektrik mühəndisliyində əsas sahələrdən biridir

İNHA Universitetinin “Elektrik mühəndisliyi” üzrə professoru Dongjun Won, Bakı Mühəndislik Universitetində (BMU) keçirilən Avtomatik İdarəetmə dərsində fənnin önəmini və bu sahədə istifadə olunan əsas metodları vurğulayıb.

Professor Won, Avtomatik idarəetmənin Elektrik Mühəndisliyində mühüm bir yer tutduğunu qeyd edib: “Avtomatik idarəetmə Elektrik Mühəndisliyində əsas fənlərdən biridir. Elektrik mühəndisliyində idarəetmə sahəsi robototexnika, avtomobil, aerokosmik və enerji sistemləri üçün tətbiq olunur”.

Professor, Avtomatik idarəetmə sahəsində ilk növbədə diferensial tənliklərin istifadə edildiyini bildirərək, bu tənliklər vasitəsilə nəzarət sistemlərinin sabitliyinin müəyyənləşdirildiyini və fiziki sistemlərin modelləşdirildiyini bildirib. O, həmçinin, diferensial tənlikləri Laplas çevrilməsi ilə dəyişdirərək ötürmə funksiyalarının və onların xüsusiyyətlərinin öyrənilməsinin vacibliyini vurğulayıb.

Professor Won, dərsdə sabitlik təhlili üçün bir sıra metodologiyaların, məsələn, PID kontrollerlərinin dizaynı, Routh’un sabitlik meyarı və irəli ötürülmə nəzarətinin istifadə edildiyini əlavə edib.

Nəhayət, professor, Avtomatik idarəetmənin mühüm və inkişaf edən bir sahə olduğunu qeyd edərək, dərsə qatılan tələbələrə müvəffəqiyyətlər arzulayıb.