“BMU-İNHA ikili diplom proqramı mənim üçün xəyalını qurduğum uğurlu gələcəyə aparan yoldur”. Bu fikri Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü proqrama 2022/2023-cü tədris ili üzrə qəbul olaraq, Elektronika mühəndisliyi ixtisasında təhsil alan I kurs tələbəsi Elnarə Şəfiyeva bildirib.
BMU-İNHA İDP üçün hazırlanan xüsusi tədris proqramını yüksək dəyərləndirən tələbə proqramın bir çox üstünlükləri olduğunu vurğulayıb: “Koreya dilini misal göstərmək istərdim, yeni dil öyrənməklə yanaşı, yeni mədəniyyətlə də tanış oluruq. İDP sayəsində hər iki universitetdən alacağımız təhsil bizim fərdi inkişafımız üçün bir təkandır”.
E.Şəfiyeva hesab edir ki, Koreyada təhsil alma şansı, dünyada məşhur olan şirkətlərə sahə gəzintiləri tələbələrə öz ixtisaslarını dərindən mənimsəməyə şərait yaradacaq; “İxtisas fənlərinin çoxluq təşkil etdiyi IV kursu elektronika sahəsində dünyanın ən öndə gedən ölkələrindən biri olan Koreyada oxumaq şansı bizim digər tələbələrdən üstün olacağımıza işarədir. Gələcəyin uğurlu tələbələrindən olmaq istəyənlər üçün İDP möhtəşəm şansdır”.
Proqramla bağlı daha geniş informasiyanı http://ddp.beu.edu.az/az/page/haqqimizda-257/ linkinə daxil olaraq əldə etmək mümkündür.
Proqramla əlaqədar digər tələbələrin təəssüratlarını http://ddp.beu.edu.az/az/page/telebelerimizin-idp-barede-teessuratlari-328/ linkindən izləmək olar.