Daşkənd İNHA Universitetinin professoru Sərvər Abdullayev BMU tələbələrini yaradıcı düşüncəyə səsləyir

Daşkənd İNHA Universitetinin professoru Sərvər Abdullayev Bakı Mühəndislik Universitetində yay məktəbi çərçivəsində İnformsiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələrə “Yaradıcı Düşüncə və Problem Həlli” fənnini tədris edib. Professor Abdullayevin sözlərinə görə, bu dərsdə əsas diqqət dizayn problemlərinə yaradıcı yanaşmaların öyrədilməsinə yönəlib və xüsusilə “Interaction Design” (İnteraktiv Dizayn) kursuna xüsusi yer verilib.

“IT tələbələri yalnız texnoloji biliklərlə kifayətlənməməli, eyni zamanda yaşadıqları cəmiyyətə maraqlı və faydalı ideyalar təklif etməyi bacarmalıdırlar,” – deyə professor bildirib. O qeyd edib ki, müasir dövrdə, xüsusilə Süni İntellektin inkişaf etdiyi bir zamanda, problemlərə fərqli aspektlərdən yanaşmaq bacarığı yeni həll yollarının tapılmasında mühüm rol oynayır.

Professor Abdullayev tələbələrin Interaction Design sahəsinə göstərdikləri marağı və bu istiqamətdə peşəkarlaşmaq istəklərini yüksək qiymətləndirib. Onun fikrincə, bu sahənin inkişafı yalnız fərdi karyeralar üçün deyil, həm də Azərbaycanın qlobal texnoloji arenada irəliləməsi üçün əhəmiyyətlidir.

“Bakı Mühəndislik Universitetində bu sahədə uğur qazanmaq üçün tələbələrə geniş imkanlar yaradılıb. Fənni uğurla tamamlayan tələbələrin gələcək nailiyyətlərini səbirsizliklə gözləyirəm və onların bu sahədəki təcrübələrini mənimlə onlayn şəkildə paylaşacaqlarına ümid edirəm,” – deyə professor Abdullayev qeyd edib.