Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının (Cənubi Koreya) İNHA Universiteti arasında bakalavriat səviyyəsi üzrə icra olunan beynəlxalq ikili diplom proqramı (İDP)

 

BMU-İNHA İDP

 

Bakı Mühəndislik Universiteti (BMU) ilə Koreya Respublikasının İNHA Universiteti arasında bakalavriat səviyyəsində mühəndislik ixtisasları istiqaməti üzrə ikili diplom proqramı 2020/2021-ci tədris ilindən həyata keçirilir.

2025/2026-cı tədris ilinin tələbə qəbuluna dair elan və təqdimat.

Əvvəlki qəbul illəri (2020–2023) Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiqlənmiş 16 noyabr 2018-ci il tarixli, 711 nömrəli Sərəncama əsasən qəbul edilmiş “2019–2023-cü illər üzrə ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində həyata keçirilmişdir.

BMU-İNHA İDP bu gün ölkədə mühəndislik sahəsində beynəlxalq əməkdaşlıq və yüksək səviyyəli kadr hazırlığının nümunəvi modeli kimi çıxış edir və 2030-cu ilə qədər davam etdiriləcək uzadılmış Dövlət Proqramı çərçivəsində öz uğurlu fəaliyyətini davam etdirir.

İkili diplom proqramı çərçivəsində tədris prosesi “3+1” modeli əsasında təşkil olunmuşdur. Bu modelə əsasən, tələbələr təhsillərinin üç ilini Bakı Mühəndislik Universitetində, bir ilini isə Koreya Respublikasının İNHA Universitetində davam etdirirlər. Təhsil müddətini uğurla başa vuran məzunlar hər iki ali təhsil müəssisəsinin – həm BMU-nun, həm də İNHA Universitetinin bakalavriat səviyyəsində diplomu ilə təltif olunurlar.

Proqramın icrasına başlandığı 2020/2021-ci tədris ilindən etibarən artıq 2020/2021, 2021/2022, 2022/2023 və 2023/2024-cü tədris illəri üzrə dörd qəbul həyata keçirilmişdir. Bu müddət ərzində “İnformasiya texnologiyaları”, “İnşaat mühəndisliyi”, “Elektrik mühəndisliyi” və “Elektronika mühəndisliyi” ixtisasları üzrə ümumilikdə 143 tələbə proqramın tələblərini uğurla tamamlayaraq ikili diplomla məzun olmuşdur

2025/2026-cı tədris ili üzrə qəbul isə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” 22 iyul 2025-ci il tarixli Sərəncamı ilə proqramın icra müddəti 2030-cu ilədək uzadılması əsasında davam etdirilir.

2025/2026-cı tədris ili üzrə BMU-İNHA İDP-yə qəbul ediləcək ixtisaslar müasir əmək bazarının tələblərinə uyğun olaraq yenilənmişdir. Bu tədris ili üçün qəbul aşağıdakı ixtisaslar üzrə aparılacaq.

 

İXTİSASLAR:

Hər bir ixtisas üzrə 25 nəfər olmaqla, ümumilikdə 100 nəfərin qəbul edilməsi nəzərdə tutulur. Proqramın tədrisi yenə də 3+1 modeli üzrə həyata keçiriləcək və təhsilini uğurla başa vuran tələbələrə həm BMU, həm də İNHA Universiteti tərəfindən bakalavr diplomları təqdim olunacaq.

  • Kompüter elmləri / Süni intellekt mühəndisliyi (Aİ) - 25 nəfər (keçid balı 400/700)
  • Data analitikası / Data elmləri - 25 nəfər (keçid balı 400/700)
  • İnformasiya texnologiyaları - 25 nəfər (keçid balı 400/700)
  • Elektrik və elektronika mühəndisliyi - 25 nəfər (keçid balı 400/700)
 

MÜRACİƏT PROSEDURU:

2025/2026-cı tədris ili üçün İDP üzrə qəbula start verilmişdir və onlayn qeydiyyat 1-9 avqust 2025-ci il tarixləri arası həyata keçiriləcəkdir.

2025/2026-cı tədris ili üzrə BMU-İNHA İDP-yə qəbul prosesi aşağıdakı mərhələlər üzrə aparılacaq. Namizədlər ilk olaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçiriləcək bakalavriat səviyyəsi üzrə qəbul imtahanında iştirak etməli və proqram üzrə müəyyən edilmiş keçid balını toplamalıdırlar. Bu mərhələni uğurla keçən 1-ci ixtisas qrupuna aid abituriyentlər BMU-İNHA İDP-yə müraciət etmək hüququ əldə edəcəklər. Daha sonra isə namizədlər BMU və İNHA Universiteti tərəfindən birgə təşkil olunacaq daxili imtahanda iştirak etməlidirlər. Bu imtahan yazılı şəkildə keçiriləcək və 3 fəndən – Riyaziyyat, Fizika və İngilis dili – ibarət olacaqdır.

2025/2026-cı tədris ili üzrə:

  • Onlayn sənəd qəbulu: 1–9 avqust 2025-ci il, saat 23:55-dək
  • Daxili imtahan: 11 avqust 2025-ci il
  • İmtahan nəticələrinin elan olunması: 15 avqust 2025-ci il

Namizədlər qeyd olunan tarixlərdə aktiv olacaq “onlayn anket forması” vasitəsilə tələb olunan sənədləri təqdim etməlidirlər. Qəbul olunmuş tələbələrin siyahısı Elm və Təhsil Nazirliyinə göndərilir və həmin şəxslər Dövlət İmtahan Mərkəzində rəsmi olaraq qeydiyyata alınır. BMU-İNHA İDP-yə qəbul olunan namizədlər DİM-in ixtisas seçimi mərhələsində iştirakdan azad edilirlər. Qəbul olunmayan namizədlər isə DİM-in ixtisas kodlaşdırmasında iştirak etmək üçün yetərli vaxta sahib olacaqlar.

 

TƏDRİSİN TƏŞKİLİ:

Proqram 3+1 modeli əsasında qurulmuşdur. Belə ki, ikili diplom proqramına əsasən, tələbələr ənənəvi qaydada 3 akademik ili BMU-da, 1 akademik ili isə Koreya Respublikasının İNHA Universitetində İngilis dilində təhsil alacaqlar.

Əlavə olaraq, tələbələrə BMU-da 3 illik təhsil müddəti ərzində müvafiq dil bacarıqlarını formalaşdırmaq məqsədi ilə proqram şərtlərinə uyğun olaraq İngilis dili dərsləri tədris olunur, və onlar müvafiq olaraq 2-ci təhsil ilinin sonunda IELTS/TOEFL sertifikatı əldə etmək üçün imtahanlarda iştirak edirlər. İmtahanlardan uğurla keçmiş tələbələr təhsillərini Koreya Respublikasının İNHA Universitetində davam etdirmək imkanı, və müvafiq olaraq, 4 ilin sonunda iki diplom əldə edirlər.

Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Proqram çərçivəsində tələbələrin 1-ci kursun sonunda Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirakı da nəzərdə tutulub. Bundan əlavə bakalavriat səviyyəsini bitirən tələbələr magistratura və doktorantura təhsillərini Koreya Respublikasında təqaüdlə davam etdirmək imkanına malik olacaqlar.

 

TƏHSİL ALANLARIN MALİYYƏ XƏRCLƏRİ:

Cari proqram 4 il ərzində tam olaraq dövlət vəsaiti hesabına təmin olunur. Belə ki, təhsil alanların

  • 4 illik tam təhsil haqqı;
  • Koreya Respublikasında 1 illik tam təhsil xərcləri (4-cü kurs);
  • Koreya Respublikasında 3 həftəlik yay məktəbində iştirak xərcləri;
  • Tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri;
  • Qeydiyyat xərci

“Dövlət Proqramı” çərçivəsində AR Dövlət Neft Fondu tərəfindən qarşılanır.

 

PROQRAMIN HƏDƏFİ:

Proqramın əsas hədəfi - ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, mühəndislik sahəsində Azərbaycanda 21-ci əsrin tələblərinə cavab verən yeni nəsil mütəxəssislər yetişdirməkdir.

Eyni zamanda, bu sahədə Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərini beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirməkdir.