Dünyanın bir çox inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də qadınlar ictimai-siyasi və sosial fəaliyyətlərdə həmişə fəal olmuşlar. Respublikamız müstəqillik qazandıqdan sonra qadınların cəmiyyətdə rolu daha da yüksəlmiş və fəaliyyətləri genişlənmişdir. Ümummilli lider Heydər Əliyev qadınların cəmiyyətdəki rolunu nəzərə alaraq dövlət quruculuğunda qadınların təmsil olunmalarına əhəmiyyət vermişdir. Elə bu siyasətin nəticəsi olaraq bu gün də fəal qadınlarımız təkcə respublikamızda deyil, ölkəmizin hüdudlarından kənarda da tanınır, beynəlxalq qurumlarda ölkəmizi layiqincə təmsil edirlər. Elə qadınların fəaliyyətinə Heydər Əliyev Fondunun Prezidenti, ölkəmizin birinci xanımı Mehriban Əliyevaya YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri adı verilməsi ən bariz nümunədir.
Prezident İlham Əliyevin qadınların hüquqlarının müdafiəsi siyasəti nəticəsində ölkədə öndə gedən idarə və təşkilatlarda qadınlar şurası fəaliyyət göstərməyə başlayıb.
Bakı Mühəndislik Universitetində də 2017-ci ildən Qadınlar Şurası təsis olunub. Şuranın məqsədi universitetdə təhsil alan tələbə qızların, habelə burada çalışan professor-müəllim və işçi qadınların iş, əmək və sosial məsələlərinin həllində onlara kömək etmək, qayğı göstərmək, mövcud problemlərlə bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmaqdır.
Təşkilatın əsas vəzifələri:
1. Qadın müəllim və işçilərin problemlərinin öyrənilməsi və müvafiq qərarların qəbul olunması üçün Elmi Şuraya məsələlərin çıxarılması və bu barədə müəssisə rəhbərliyi qarşısında vəsatətin qaldırılması;
2. Universitet və respublika səviyyəsində keçirilən tədbirlərin, tarixi hadisə və əlamətdar bayramların, müxtəlif aktual problemlərə həsr olunmuş debatların, diskussiyaların, görüşlərin təşkilində yaxından iştirak edilməsi;
3. Qadın müəllimlərin, işçilərin və tələbə qızların hüquqlarının müdafiəsinin təmin edilməsi;
4. Qadın müəllimlərin və işçilərin istirahətinin və asudə vaxtlarının səmərəli keçirilməsinin təşkil edilməsi;
5. Respublikanın ictimai-siyasi, sosial, iqtisadi və mədəni həyatında baş verən hadisələr barəsində məlumatların çatdırılması;
6. Tələbələrin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi işinin gücləndirilməsi məqsədi ilə tədbirlərin təşkili;
7. Universitetin qadın heyəti üçün motivasiya seminarlarının keçirilməsi, qadın müəllimlərin öz ixtisaslarında daha da təkmilləşmələri üçün müvafiq layihələrin təşkil olunması.
8. Xüsusi istedadlı qız tələbələrin müəyyənləşdirilib onların qabilliyyətlərinin təkmilləşməsinə dəstək vermək;
9. Respublikada ictimai-sosial fəaliyyətin bütün sferalarında nüfuz qazanmış qadınlarla görüşlərin təşkili və s.
BMU Qadınlar Şuranın rəhbəri
Şuraya Bakı Mühəndislik Universitetinin Xarici dillər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ətrabə Bayramqızı Gül rəhbərlik edir.
BMU-da Qadınlar Şurasının fəaliyyəti
Şura təsis olunduğu gündən illik fəaliyyət planını müəyyənləşdirmiş və bu plana uyğun olaraq universitetdə bir neçə tədbirin təşkil olunmasında bilavasitə iştirak etmişdir. Şura tərəfindən dəfələrlə xeyriyyə aksiyaları keçirilib. Görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 95 illik yubileyi və tanınmış yazıçı, professor Mir Cəlal Paşayevin 110 illik yubileyi münasibətilə keçirilən anım tədbirlərinin və digər əhəmiyyətli tədbirlərin təşkili işini həyata keçirmişdir. Şura üzvləri universitetdə təşkil olunan bir sıra seminarlarda məruzəçi və iştirakçı qismində iştirak etmiş, respublikamızın qadın təşkilatları tərkibində qadın problemləri məsələləri ilə də yaxından məşğul olmuşlar. Əlamətdar bayram günlərində qocalar evi və eləcə də valideyn himayəsindən məhrum olmuş uşaq evlərinə baş çəkmiş, onlara ərzaq, paltar və digər ləvazimatlar paylanılmışdır. Universitetin Qadınlar Şurası hal-hazırda fəaliyyətini davam etdirir və yaxın gələcəkdə bir sıra həyata keçirilməsi nəzərdə tutulan fəaliyyətlər planlaşdırılır.