Koreya Respublikasının İNHA Universitetinin Elektronika mühəndisliyi kafedrasının professoru İnho Park, Bakı Mühəndislik Universitetində (BMU) yay məktəbi çərçivəsində dərs keçib. Professor İnho Park, bu tədris müddətində İKT sahəsindəki bilik və təcrübəsini tələbələrlə paylaşaraq, onların akademik inkişafına dəstək olub.
Professor Park, Azərbaycana səfər etməsindən məmnun olduğunu və BMU tələbələrinə dərs keçməkdən böyük məmnuniyyət duyduğunu bildirib. O, Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-İNHA İDP) hər iki universitetin tərəqqisinə töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.
Professor Park, belə bir proqramın tələbələrə yalnız təhsil sahəsində deyil, həm də elmi araşdırmalar və beynəlxalq əməkdaşlıq sahələrində yeni imkanlar açacağına diqqət çəkib. O, ikili diplom proqramının tələbələrə beynəlxalq tədqiqat və inkişaf layihələrində iştirak etmək fürsəti verəcəyini bildirib.