İNHA Universitetinin İnformasiya texnologiyaları departamentinin dosenti Yeongkyo Seo Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universitetinin birgə icra etdiyi tam dövlət təqaüdlü ikili dövlət proqramı ilə bağlı fikirlərini bölüşüb.
Proqramın üstünlüklərindən bəhs edən koreyalı müəllim İDP tələbələrinin qlobal şirkətlərdə çalışmaq şansı qazandıqlarını vurğulayıb: “Siz bu proqramda 3 il Bakıda, BMU-da təhsil alırsınız, sonra isə orijinal, daha təkmil kurslar əldə etmək üçün 1 il Koreyada təhsil alırsınız. İDP proqramında mənim məqsədim rəqəmsal sistemlərin layihələndirilməsini tərtib etməyi akademik və sənaye səviyyəsində öyrətməkdir. Burada yaxşı öyrənsəniz, rəqəmsal sistemlərin layihələndirilməsi üzrə çox yaxşı mühəndis ola bilərsiniz və “Samsunq”, “SK hynix”, “Apple” kimi qlobal şirkətlərdə işləmək üçün daha yaxşı şans əldə edə bilərsiniz”.
BMU-da İNHA Universitetinin professor-müəllim heyəti tərəfindən aparılan 3 həftəlik “Yay məktəbi”nə toxunan dosent qeyd edib ki, tədris etdiyi kurs rəqəmsal sistemlərin layihələndirilməsinin əsaslarını, o cümlədən məntiq layihələndirilməsinin ətraflı izahı ilə məşğuldur: “Burada 3 il ərzində bu kursun əsaslarını öyrənirsiniz və proqram çərçivəsində son 1 ili Koreyaya getsəniz, orada daha təkmil mühazirələr alacaqsınız”.